Mən Səfərova Röya 2016–cı ildən turizm bələdçisi kimi fəaliyyət göstərirəm. İş fəaliyyətimə tərcüməçi kimi başlasam da, turizm sahəsinə olan marağım işimi dəyişməyə səbəb oldu. Bələdçilik rəngarəng bir peşədir, həm qonaqlara ölkəni tanıdırsan, həm bir çox insanlarla işləyib onların mədəniyyətlərinə yiyələnib özün də yeni məlumatlar öyrənmiş olursan, insanları tanımağı bacarırsan, stresli vəziyyətlərdə işləməyi bacarırsan, qeyri-adi vəziyyətlərdə qərar qəbul etməyi öyrənirsən, həm də bir çox işlərdən fərqli olaraq gününü kompyuter arxasında deyil, aktiv və hərəkətdə keçirirsən. Bu işin əsas üstünlüklərindən biri müxtəlif insanlarla ünsiyyət qurma imkanının olmasıdır.
Turizm sahəsində fəaliyyətim ərzində yüzlərlə qonaq qarşılayıb ölkəmizin qədim və zəngin tarixini, mədəniyyətini, maraqlı adət-ənənələrini, dərin ədəbi irsi və zəngin milli mətbəxi haqqında dünyanın müxtəlif ölkələrindən gələn qonaqlara çatdırmağı çox sevir və onlara kiçik, lakin çox gözəl və zəngin yurdum haqqında danışmaqdan zövq alıram.
Bakalavr dərəcəsini Ingilis dili(Azərbaycan Dillər Universiteti) üzrə, magistr dərəcəsini Dilşünaslıq(Azərbaycan Dillər Universiteti) üzrə bitirmiş, azərbaycan, rus, türk və ingilis dillərini bilməyimə baxmayaraq, bələdçilik fəaliyyətimi əsasən ingilis dilində aparıram.
Həm indvidual, həm də qrup şəklində Bakı, İçərişəhər, Abşeron yarımadası, Qobustan, Palçıq Vulkanları, Şimal və Cənub zonaları və digər bölgələr üzrə ekskursiya ve turlar aparıram. Və Azərbaycanı dünyanın müxtəlif hissələrindən gələn qonaqlara tanıtmaqla özümlə qürur duyuram.