27 oktyabr 2026-cı il tarixində Bakıda keçirilən 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dövlət Turizm Agentliyi və BMT Turizmin birgə təşkilatçılığı ilə “Ortaq gələcək naminə turizm: inklüzivlik, bərabərlik və icma liderliyi sülhün təməllərini necə möhkəmləndirir” mövzusunda panel sessiya təşkil olunub.
Sessiyanın açılışında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev BMT Turizmlə uğurla davam edən əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın beynəlxalq turizm platformalarında təmsil olunmasının və nüfuzlu tədbirlərə ev sahibliyi etməsinin ölkənin zəngin mədəni irsinin, ənənələrinin və turizm imkanlarının dünyada daha geniş tanıdılmasına şərait yaratdığını qeyd edib.
Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATGA) sədri Tural Musayevin və Assosiasiyanın nümayəndələrinin iştirak etdiyi panel sessiyada turizmin sosial inklüzivliyin təşviqində, mədəni irsin qorunmasında, yerli icmaların inkişafında və sosial həmrəyliyin gücləndirilməsindəki rolu müzakirə olunub.
Bununla yanaşı, qadınların turizm sahibkarlığında iştirakının artırılması, əlilliyi olan şəxslər üçün əlçatan turizm mühitinin yaradılması və yerli icmaların turizmin inkişafına cəlb edilməsi məsələlərinə toxunulub.
ATGA olaraq turizmin dayanıqlı inkişafına, mədəni irsin qorunmasına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəlmiş təşəbbüslərdə iştirakı əhəmiyyətli hesab edirik.