Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşlığı çərçivəsində Nazirliyin tabeliyində fəaliyyət göstərən muzeylərin və qoruqların bələdçiləri üçün təkmilləşdirmə məqsədli “Turizm Bələdçiliyi: Davranış, Səs və İnteraktiv Ünsiyyət Bacarıqları” mövzusunda masterclass keçirilmişdir.
Masterclass zamanı Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının sədri Tural Musayev tərəfindən səs və həyəcanın idarə olunması, effektiv bələdçilik metodları, peşə etikası, auditoriya ilə düzgün ünsiyyət, interaktiv təqdimat bacarıqları, qrupun idarə olunması, bədən dili və səs tonundan səmərəli istifadə, eləcə də ziyarətçilərlə peşəkar münasibətlərin qurulması mövzularında geniş məlumat verilmişdir.
Masterclass çərçivəsində muzey bələdçiləri ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onların fəaliyyət zamanı qarşılaşdıqları praktiki məsələlər müzakirə edilmiş və müxtəlif situasiyalar üzrə təcrübə paylaşılmışdır.
Tədbirin əsas məqsədi Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərin bələdçilərinin peşəkar bilik və bacarıqlarının inkişafına, ziyarətçilərə göstərilən bələdçilik xidmətinin keyfiyyətinin yüksəldilməsinə və beynəlxalq standartlara uyğun xidmət mədəniyyətinin formalaşdırılmasına dəstək olmaq olmuşdur.
Əməkdaşlığa və göstərilən dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidmətinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.